Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsi tərəfindən Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərinin builki məzunlarından ötrü tanıtım- təqdimat tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, ATMU-nun təbliğat-təşviqat qrupunun üzvləri Universitetin fəaliyyətində prioritet istiqamətlərdən sayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkəiçi və xaricdə təcrübə semestri, yerli təhsil, keçid balları və ixtisaslar, tələbəlik dönəmində işləmə imkanı, qəbul qrupları və s.barədə sualları ətraflı cavablandırıblar.12 orta ümumtəhsil məktəbində baş tutan təqdimat- görüşlərə 500-ə yaxın məzun-abituriyent qatılıb.

ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, baş mütəxəssis Elnurə Əliyeva və mütəxəssis Lalə Qafarova, “Xidmət” şöbəsinin müdir müavini Arzu Qafarlı , “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı Aytac Babayevanın qatıldığı təqdimat-görüşlərin hər biri Azərbaycan Turizm və Menecment Universitetinin loqosu əks olunan  çap məhsulları və xatirə hədiyyələrin təqdimatı ilə başa çatıb.