SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla sayca 40-cı görüşü Masallı şəhərində baş tutub.

"Unikal" xəbər verir ki, aksiyada 15-dək rayon sakini qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.  

Masallı rayonu Yeni Zuvand kənd sakini Əsgər Bəşirov və Xəlfələr kənd sakini Tofiq Canəliyev müraciət edərək yaşadıqları kəndlərin  qazlaşdırılmasını xahiş ediblər.

“Səyyar qəbul otağı”nın imkanlarından istifadə edən Banbaşı, Mahmudavar, Musaküçə kəndlərinin sakinləri həmin kəndlərin yeni  yaşayış massivlərinin qazlaşdırılmasını Birliyin məsul şəxslərindən xahiş ediblər.

Daxil olan hər bir müraciətlə bağlı “Azəriqaz” İB-nin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi və Birliyin digər məsul şəxsləri tərəfindən sakinlərə ətraflı məlumat verilib. Məlumat üçün bildirək ki, bu həftə Lənkəran Regional qaz istismarı İdarəsinin tabeliyində olan 6 xidmət sahəsində (Astara, Lerik, Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı rayonlarında) “Səyyar qəbul otağı” vətəndaşların xidmətində olub.