""Əmək və Məşğulluq" altsistemi, gənc nəsil və 45 yaşın altında olan şəxslər üçün uyğundur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüşdə deyib.

O bildirib ki, hər gün 20-yə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur. İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir: "Onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapılmır. Eyni zamanda, işaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanması üçün maarifləndirmə işləri zəifdir. Ümumiyyətlə, nə qədər insanın yeni yaradılan altsistemdən faydalanması sual altındadır".

Musa Quliyev əlavə edib ki, görəcəyimiz işlər bundan sonra hələ çoxdur: "Şirkətlər adətən yüksək ixtisaslı kadrların işə cəlbində maraqlıdırlar ki, işləri yaxşı davam etsin. Bəs, həmin səviyyədə olmayan şəxslərin aqibəti necə olacaq? Onları işə kim götürəcək?! Təklif edərdim ki, bu sahədə olan qanunvericiliklə bağlı tək dövlət sektorundan yox, özəl sektordan tövsiyələr ala bilərik. Müvafiq qurumlar öz maraqlı dairəsində işləri həll edirlər. Amma problem bununla həll oluna bilməz".