Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın hərtərəfli inkişafına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də qabaqcıl islahatlar aparılmaqla müvafiq sahə təkmilləşir, müasirləşir, vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə bağlı ardıcıl və yeni tədbirlər həyata keçirilir.

Dövlət orqanlarında (qurumlarında) qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi ilə bu sahədə əldə olunan mühüm nailiyyətlərin, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanının və “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun 17 fevral 2020-ci il tarixli, 16 nömrəli Əmri təsdiq edilmişdir.

"Unikal" xəbər verir ki, agentlikdə rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılmışdır.

6 aylıq sınaq müddəti ərzində Agentliyin Aparatının bütün işçiləri pandemiya qaydalarına əmək edilməklə proqram təminatından istifadəyə dair fərdi təlimlərə cəlb edilmiş, Agentlik daxilində bütün yazışma və kargüzarlıq fəaliyyəti yazılı, eləcə də elektron qaydada AYİS sistemindən istifadə edilməklə paralel şəkildə həyata keçirilmişdir.

Sınaq müddətində AYİS sistemində Agentliyin Aparatının işçiləri, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə çalışan nomenkulatur işçilər də nəzərə alınmaqla 553 ədəd şəxsi istifadəçi kabineti yaradılmış və bu günədək 15 mindən artıq sənəd Avtomobil Yolları İnformasiya Sistemində (AYİS) qeydiyyata alınmışdır.

Əlavə olaraq, Agentliyin Aparatının işçi heyətinin Avtomobil Yolları İnformasiya Sisteminə (AYİS) uyğunlaşması prosesinin əsası qoyulmuş, eyni zamanda proqram təminatının funksionallığı ilə bağlı nöqsanlar aradan qaldırılmışdır. 

Məlumat üçün bildirək ki, AYİS proqram təminatında informasiya axınının gedişi işçi qaydada Agentliyin subordinasiya qaydaları rəhbər tutulmaqla aparılır.

Müasir çağırışlara uyğun olaraq, bu gün də Agentlikdə elektronlaşdırılma və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin də AYİS sisteminə inteqrasiyası nəzərdə tutulmuşdur. Hal-hazırda bu istiqamətdə zəruri texniki işlərin icrası yerinə yetirilir.

Ümumilikdə, 4 tipdə sənəd qeydiyyatı – daxil olan sənəd, xaric olan sənəd, daxili yazışmalar, əmr, sərəncam və qərarlar vahid platformadan istifadə edilməklə həyata keçirilir.

Bildirək ki, cari ildə AYİS proqram təminatından istifadə edilməklə 3701 xaric olan sənəd qeydiyyata alınmışdır ki, bunun da 714 ədədi vətəndaşların müraciətləri ilə bağlı olmuşdur.

Qeyd edək ki, Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi, eləcə də proqram təminatının təkmilləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun 26 aprel 2022-ci il tarixli, 23 nömrəli Əmri ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yolları İnformasiya Sisteminin Təhlükəsizlik Komissiyası yaradılmışdır.

"Karguzarlıq”, “Hesabatlar”, “İnsan resursları” və "Vətəndaşların qəbulu” modullarının tətbiqini əhatə edən bu sistem müvafiq sənədlərin hazırlanmasında və yayılmasında effektivliyin artması, sənədlərin elektron resurslarda daim saxlanılmasına, icrasının operativ həyata keçirilməsinə, kadrların peşəkarlıq səviyyəsininin artırılmasına, vətəndaşların suallarının ən qısa zamanda cavablandırılmasına və bu prosesi daha şəffaf etməklə, müvafiq dövlət qurumları və vətəndaşlarla əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcəkdir.