"Dünyada yayılan infeksiyanın ölkəmizdə də yayılması ehtimalı həmişə var. Biz qloballaşan dünyada yaşayırıq. Bir xəstə şəxsin burada olması yetərlidir ki, kimisə yoluxdursun".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.  

Həkim bildirib ki, meymunçiçəyi virusu heyvanlardan insanlara keçib və ilk dəfə meymunlarda olduğu güman edilir. 

"Virus ilk olaraq Danimarkanın Kopenhagen şəhərində identifikasiya olunub. Ondan sonra Afrikanın Konqo respublikasında yayılma ocağı müşahidə edilib. Bu xəstəlik ciddi narahatlıq doğurur. Meymunçiçəyinə qarşı aktivliyi təbii çiçəyə qarşı olan vaksin göstərir. 42 yaşından yuxarı şəxslər təbii çiçək xəstəliyinə qarşı vaksinasiya olunub və qollarında bunun izi var. 1980-cı ildə təbii çiçək virusu yoxa çıxdıqdan sonra vaksinasiya dayandırılıb. 42 yaşdan aşağı şəxslər demək olar ki, buna qarşı müdafiəsizdir".

A.Qeybulla qeyd edib ki, bu virusun dünyada pandemiya yaratması, koronavirus kimi mutasiyaya uğraması proqnozlaşdırılmır:

"Hər bir halda yoluxmalar narahatlıq doğurur. Sərhəd keçid məntəqələrində nəzarəti gücləndirməliyik. Karanatin tədbirlərinə qarşı hazır olmalıyıq. Dünya ölkələri də vaksin ehtiyatını görməli, bunun istehsalına başlamalıdır. Bu virusun lokallaşdırılması müalicə hesabına başa gələcək".

Anar Kəlbiyev