"Tezliklə quru sərhədlərinin açılmasını istərdik. Yay fəsli gəlir, turizm mövsümü yaxınlaşıb".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 

Komitə sədri bildirib ki, pandemiya dövründə Azərbaycanda, eləcə də dünyada turizm  sektoru xeyli böhran keçirib:

"Hazırda şərait yaranıb ki, turizm sektorunun vəziyyəti yaxşılaşsın. Bu baxımdan, quru sərhədlərinin açılması lazımdır. Əgər hava yolu ilə gediş-gəliş varsa, nə üçün quru yolu ilə olmasın? Bizim qonşu ölkələrdə də pandemiya sona çatmış kimi görünür. Turizm üçün bu çox vacibdir. Qonşu ölkələrlə quru sərhədlərinin açılmasında bir problem olmalı deyil. Əgər varsa, Nazirlər Kabineti yanında Operativ Qərargah ictimaiyətə elan etsin ki, hansı səbəbdən quru sərhədlərini açmırıq. Biz də baxaq ki, bu arqumentlər nə dərəcədə doğru və yerindədir", - deyə M.Quliyev vurğulayıb.

Anar Kəlbiyev