Tur təşkilatçısı Vüqar Sarıyev Fransanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən narazıdır.

Bu barədə "Unikal"a müraciət edən V.Sarıyev səfirlik tərəfindən vizaların vaxtında verilmədiyini bildirib:

"May ayının 4-də mənimlə birlikdə 29 nəfərin pasportu Fransa səfirliyinin viza işlərini həyata keçirən "CAPAGO" şirkətinə təqdim olunub. Özü də hər bir nəfər üçün 35 avro bir, 30 avro bir və əlavə olaraq 17 manat pul ödəmişik. Ayın 20-də vizalarımız verilməli idi ki, biz uça bilək. Həmin tarixdə isə 8 nəfərə viza verildi, qalan 21 nəfərə viza verilmədi.  

Maraqlısı odur ki, pasportlar da vətəndaşlara geri qaytarılmayıb. Heç dəqiq bilinmir ki, 21 nəfərlə bağlı hansı qərar verilib. Mən ötən həftənin cümə günü günorta saat 12-dən axşam 7-dək səfirliyin qarşısında olmuşam. 7 saat orada olmuşam, amma pasport ala bilməmişəm. Bütün bu məsələlərlə bağlı vətəndaşları süründürürlər.

Mən bu gün Türkiyəyə uçmalı idim, amma pasportum verilmədiyinə görə biletim “batdı”. Səfirliyin əməkdaşları işlərinə məsuliyyətsiz yanaşırlar, vizaları vaxtında vermirlər. Buna görə də bu cür problemlər ortaya çıxır. Mən bununla bağlı məhkəməyə də şikayət edəcəyəm. Mənim kimi 21 nəfər vətəndaş var. Pasportları Fransa səfirliyi tərəfindən verilmədiyinə görə səfər edə bilmirlər. Bəlkə birinin həyati əhəmiyyətli işi var, səfirliyi nə qədər gözləməlidir? Belə çıxır ki, Fransa səfirliyi də nə vaxt kefi istəsə, pasportu o zaman göndərəcək.

Bu gün getdim Fransa səfirliyinin viza işlərini həyata keçirən "CAPAGO" şirkətinə, orada da deyildi ki, viza ilə bağlı sizin telefonunuza SMS gəlməlidir. Viza verə bilmirlərsə, heç olmasa, pasportumuzu geri versinlər, amma SMS gələnə qədər nə etməli olduğumuzu demirlər", - deyə o əlavə edib.

Murad İbrahimli