Azərbaycan Turizm və Menecment Universitetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki “Təhsil Tələbə Krediti Fondu” nun təşkilatçılığı ilə  maarifləndirmə tədbiri keçirilib. İlk öncə ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı Vüqar Nəzərov tədbirin moderatorlarını iştirakçılara təqdim edib.

"Unikal" xəbər verir ki, “Təhsil Tələbə Krediti Fondu”nun sədr müavini Tahir Xələfov fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri və s. məsələlərə aydınlıq gətirib. Fondun hüquqşünası Aysel Həsənova isə verilən kreditlərin 2 qrupda -yəni sosial həssas tələbələr və standart TTK alan tələbələr tərəfindən formalaşdığını bildirdi. Tələbələr aldıqları kreditləri ali təhsil müəssisəsini bitirdikdən sonra, 10 il ərzində hissə-hissə Fonda qaytarmaq imkana sahibləndiyini də diqqətə çatdırdı. 

ATMU tələbələrinin qatıldığı tədbirdə,o cümlədən “Təhsil Tələbə Krediti Fondu” nun sədr müavini T.Xələfov, fondun hüquqşünası A. Həsənova və İKT şöbəsinin əməkdaşı A. İsazadə təhsildə əlçatanlıq,bərabər imkanların yaradılması, keyfiyyətin yüksəldilməsi məqsədi ilə çox aşağı və sərfəli faizlərlə uzunmüddətli zəmanətsiz və girovsuz, müxtəlif növ kreditlərin verilməsini şərtləndirən maarifləndirici tədbirin Universitet tələbələri üçün faydalı olacağına əminliklərini bildirdilər.

Tədbirin sonunda tələbələrin çoxsaylı sualları ətraflı cavablandırıldı və xatirə şəkilləri çəkildi.