Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda təlim başa çatıb.

Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti əsasında TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda 16-19 may 2022-ci il tarixlərdə təşkil edilmiş ekspert missiyası başa çatıb.

Dəyirmi masa formatında təşkil olunmuş 4 günlük təlimdə Baş Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.

İnteraktiv formada təşkil edilmiş təlim zamanı İspaniyadan olan ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyed tərəfindən təlimin mövzusu ətrafında çıxışlar və təqdimatlar edilərək Avropa İttifaqının yuvenal ədliyyəsinin ümumi prinsipləri, bu sahədə cinayət prosesinin istintaq texnikası, psixoloji cəhətləri və məhkəmə icraatının xüsusiyyətləri, Avropa İttifaqı və BMT çərçivəsində formalaşmış beynəlxalq-hüquqi baza, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşma və standartları, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin qarşısının alınması və sair mövzular barədə geniş məlumat verilib.