Mayın 23-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, görüşdə şöbə müdiri Prezident İlham Əliyev tərəfindən aparılan sistemli islahatların bütün sahələri əhatə etdiyini, bu islahatların dövlətimizin güclənməsi, əhalinin rifah halının yaxşılaşması, postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılması, işğaldan azad edilmiş torpaqlarımızın bərpası və soydaşlarımızın öz doğma yurdlarına qayıtması məsələləri ilə yanaşı, ölkəmizdə baş verən siyasi prosesləri də ehtiva etdiyini qeyd edib. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən mütərəqqi siyasi qüvvələr Azərbaycan dövlətçilik tarixinin ən çətin və ən şərəfli məqamında - Vətən müharibəsi zamanı ümummilli dəyərlər naminə öz birliklərini ortaya qoydular. Siyasi qüvvələrin Vətən naminə birgə bəyanat və müraciətlərinin ölkə əhalisinin Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdiyinin göstəricilərindən biri olduğu vurğulanıb. Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və partiyalar arasında gündən-günə daha da dərinləşən və inkişaf edən siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın rifahına böyük töhfələr verəcəyi qeyd olunub.

Ağ Partiyasının sədri Tural Abbaslı, ilk növbədə, siyasi dialoq prosesi çərçivəsində keçirilən görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, dövlətimizin güclənməsi və xalqımızın rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir, bu siyasətin hər bir vətəndaşı əhatə etməsi üçün siyasi dialoq prosesinin faydalı olmasına inanır. Əhalinin həssas təbəqəsinə, xüsusən Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə, digər müharibə iştirakçılarına və onların ailələrinə diqqətin daha da artırılmasının hazırkı məqamda olduqca vacib olduğu qeyd edilib.

Görüşdə, həmçinin ölkəmizdə mövcud olan və Azərbaycan dövlətçiliyinin əbədi olması üçün çalışan bütün qüvvələrin Vətən müharibəsi Zəfərinin qazanılmasında pay sahibi olması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən uğurlu xarici siyasətin Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməsi, Ermənistanın və onların himayədarlarının xalqımızın birliyi qarşısında bütün cəbhələrdə məğlubiyyətlə qarşılaşması, ölkədə aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf etdirilməsi və başqa mövzularda səmərəli fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan xarici siyasət barədə müzakirələr aparılıb. Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında səyləri yüksək qiymətləndirilib. Eyni zamanda, 2021-ci il dekabrın 14-də, 2022-ci il aprelin 6-də və mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında baş tutan görüşlərin regionda sülhün bərqərar edilməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və nəticədə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan şəraitin qurulması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda tərəflər iqtidar-müxalifət siyasi dialoqunun yeni formatlarda davam etdirilməsinin və bununla bağlı yeni təkliflərin dəyərləndirilməsinin önəmini vurğulayıb, gələcəkdə ölkəmiz üçün vacib olan məsələlərin siyasi partiyaların iştirakı ilə birgə müzakirələrinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.