Azərbaycan Turizm və Menecment Universitetinin  (ATMU) Tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov, Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Elmira Hacıyeva İsveç Krallığında  “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində keçirilən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı seminarda iştirak edirlər.

"Unikal" xəbər verir ki, mayın 16-dan 20-dək fəaliyyəti planlaşdırılan adıkeçən  tədbirə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Nicat Məmmədli, ölkəmizin 15 ali təhsil müəssisəsinin rəhbər şəxsləri qatılıb. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişafı məqsədilə Avropa təcrübəsinin öyrənilməsini hədəfləyən  seminara İsveçin nüfuzlu universitetlərindən sayılan Kral Texnologiya Universiteti ev sahibliyi edir.

Seminarın gündəliyinə Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz Universitetlər- 2030 gələcəyə baxış” mövzusunda təqdimatı da daxil edilib.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil olunan tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stokholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı gözlənilir.