Ukraynanın işğalı səbəbindən ağır sanksiyalara məruz qalan və getdikcə təcrid olunan Rusiyanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi bir sıra beynəlxalq qurumları tərk etməyi planlaşdırdığı bildirilir.

"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi “zərərli” hesab edilən və əlaqələrin kəsilməsini tövsiyə edən beynəlxalq qurumların siyahısını parlamentə göndərib. Parlamentin sədr müavini Pyotr Tolstoy bildirib ki, “Rusiyaya xeyirdən çox zərər gətirən müqavilələr” nəzərdən keçiriləcək.

Bir çox Qərb dövlətləri Ukraynanın işğalından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib və bir çox şirkət Rusiyadakı fəaliyyətinə son qoyub. ÜST-ə üzv ölkələr ötən həftə keçirilən səsvermədə Rusiyanın Ukraynadakı səhiyyə müəssisələrinə hücumlarını pisləyib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl ÜTT-dəki digər ölkələrin Rusiyaya gömrük rüsumlarının artırılması təklifini “qanunsuz” adlandırıb və Rusiyanın ÜTT ilə bağlı strategiyasına yenidən baxacağını bildirib.

 Gülayə Mecid