"Ermənistandakı aksiyalar onların daxili siyasi oyunlarıdır. Müşahidəçilərin çoxu o qərara gəliblər ki, Ermənistandakı heç də kütləvi aksiyalar deyil. Bu, iqtidar və müxalifət arasında olan mübarizədir".

Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Eks-nazir bildirib ki, Ermənistan ictimaiyyətində Qarabağ mövzusu və onun əhəmiyyəti o qədər yüksək deyil. 

"Ermənilər vaxtilə belə bir mif yaratmışdı ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etsə, Ermənistanda böyük aksiyalar olacaq. Müharibədən bir neçə ay keçəndən sonra Nikol Paşinyan yenidən səsvermə ilə seçildi. Belə ki, müharibədə məğlub olan şəxsi yenidən seçdilər. Bu onu göstərir ki, artıq Ermənistan ictimaiyyətində Qarabağ mövzusu və onun əhəmiyyəti o qədər yüksək deyil. İnsanlar öz problemləri ilə məşğul olurlar. Qarabağ məsələsi o halda onlar üçün maraqlı ola bilər ki, yenidən qarşıdurma olacaq ya yox. Qarşıdurma olarsa, ermənilərin bir çoxu bundan əvvəl də olduğu kimi ölkədən gedəcək".

Anar Kəlbiyev