Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən "Unikal"a bildirilib ki, fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.