Sumqayıt Şəhər Prokurorluğu şəhər ərazisində baş vermiş qadının qətli ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan "Unikal"a daxil olan açıqlamada deyilir:

"Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.