Artıq illərdir ki, Azərbaycan Turizm və Menecment Universitetində gənc tədqiqatçılar - magistratura və bakalavr pillələrində təhsil alan tələbələrin elmə həvəsini artırmaq və onları turizmin müxtəlif sahələrində araşdırma və tədqiqata cəlb etmək üçün Respublika səviyyəli konfrans təşkil olunur.

"Unikal" xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş konfransa maraq ildən-ilə artmaqdadır. Qeyri-neft sektorunun ən çox inkişaf edən sahələrindən biri olan turizmin ölkəmizdə də əsas sahələrdən birinə çevrilməsi və bu sahədə geniş tədqiqata ehtiyac duyulması təşkil edilən konfransın aktuallığını artırır. Online formatda təşkil edilmiş konfransın açılışını edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov iştirakçıları salamlayaraq bu konfransın əhəmiyyətini vurğuladı. Əksəriyyəti Azərbaycan Turizm və Menecment Universitetindən olan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti və digər təhsil müəssissələrindən 80-dən yuxarı məqalə ilə çıxış edənlərin olduğunu qeyd edən rektor, bu göstəricinin yüksək olduğunu bildirərək, gələcəkdə iştirakçıların daha çox sayda təhsil müəssisələrindən qatılacağına və turizm sahəsinə gənc tədqiqatçıların yeni töhvələr verəcəklərinə ümid etdiyini söylədi. Daha sonra “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekanı, dosent Bahadur Bilalov qeyd etdi ki, Konfransın Ümummilli Lider H.Əliyevin anadan olmasının ildönümünə həsr olunması xüsusi əhəmiyyət kəsb edir. Hörmətli İlham müəllimin qeyd etdiyi kimi Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Unutmaq lazım deyil ki, Azərbaycanda turizmin formalaşması və inkişafı da onun adı ilə bağlıdır. Belə ki, Ulu öndərimizin  1969-cu ilin iyul ayında  respublikanın rəhbəri - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra, respublika həyatının digər sahələrində olduğu kimi, turizm sahəsində  inkişaf mərhələsi başlandı. Heydər Əliyevin  təşəbbüsü ilə avqust ayının 12-də   “Respublikada Turizm və ekskursiyanın daha da inkişaf etdirilməsi tədbirləri haqqında” adlı Azərbaycan KP MK, Azərbaycan Nazirlər Soveti və Azərbaycan Həmkərlar İttifaqları Şurasının (AHİŞ)  378 saylı  birgə qərarı qəbul edildi. Faktiki olaraq bu qərar ölkəmizdə turizmin inkişafına təkan verən Dövlət Proqramı idi.   

Turizm sektoru inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, bu sahənin sürətli inkişafı üçün mütləq siyasi sabitlik lazımdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra aparılan irimiqyaslı islahatlar nəticəsində Azərbaycan Respublikasında siyasi və iqtisadi stabillik təmin edildi, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının bünövrəsi qoyuldu. Iqtisadi sahədə görülən tədbirlər bazar iqtisadiyyatına əsaslanan sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların və qabaqcıl idarəetmə təcrübəsinin  tətbiqinə gətirib çıxardı. Bunların nəticəsində isə yeni iş yerlərinin yaradılması, rəqabətədavamlı məhsul istehsalı, son nəticədə isə ölkənin iqtisadi gücünün artırılması mümkün oldu. 

1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan Respublikası tarixində yeni bir mərhələ başlandı. Heydər Əliyev dühası uğurlu neft strategiyasının həyata keçirilməsi, bu sahədən əldə olunan gəlirlərin qeyri neft sektorunun inkişafı üçün istifadəsinə imkan yaratdı. 1995-ci il dekabr ayının 5-də Ümumdünya Bankının Parisdə təşkil etdiyi "Azərbaycan üçün investisiyalar" beynəlxalq konfransının açılış mərasimində çıxış edərkən Ümummilli lider bildirmişdir ki, “mən artıq dedim ki, biz böyük müqavilələr bağlamışıq. Bizdə iri neft şirkətləri və bir çox digər xarici şirkətlər işləyirlər. Təbiidir ki, mehmanxana təsərrüfatına, servisin bütün sahələrinə sərmayə qoyulması səmərəlidir. Biz burada sizinlə fəal əməkdaşlıq edə bilərik. Ölkəmiz turizm üçün, istirahət üçün çox yaxşı baza ola bilər. Sərmayələr burada da çox yaxşı nəticələr verə bilər”. 

Turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə tam cavab verən yeni yanaşma tələb edirdi. Heydər Əliyevin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və 1999-cı ildə Milli Məclis tərəfindən qəbul edildi. 

Ölkədə turizmin sürətli inkişafını təmin etmək məqsədilə Heydər Əliyevin 2002-ci ilin avqust ayında imzaladığı 1041 saylı sərəncamı ilə “2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı” təsdiq edilmiş, turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, turizm sahəsində çalışan sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirilmişdi. Proqramın əsas məqsədləri turizm sənayesini iqtisadiyyatın yüksək gəlir götürən sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək, yüksək səmərəli və rəqabət qabiliyyətli müasir turizm kompleksi yaratmaq, yeni iş yerləri açmaq və respublika iqtisadiyyatının turizmlə əlaqəli digər sahələrində dövlətin büdcəsinə gəlir gətirməkdən ibarət idi. 

Respublikamızda turizmin inkişafına dövlət tərəfindən qayğının artması nəticəsində bu sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə idi. Bakıda hər il beynəlxalq turizm sərgilərinin təşkili ənənəyə çevrildi. 2002-ci ilin mayında Azərbaycan turizminin tarixində ilk dəfə olaraq Azərbaycan beynəlxalq turizm sərgisi (AİTF) Dünya Turizm Təşkilatının dəstəyini qazanmaqla bərabər, həm də bu təşkilatın ümumi kataloquna daxil edildi. Sonrakı  illərdə keçirilən sərgilər daha çox ölkə və şirkətlərin təmsil olunması ilə fərqlənib.  

Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə - Heydər Əliyevə borcludur. Turizmimiz Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir. 

Bahadur Bilalovun çıxışından sonra ATMU magistrları Nuranə Həsənova və Arif İsgəndərov turizm sahəsindəki araşdırmaları ilə bağlı öz məqalələrini təqdim etdilər. Digər iştirakçıların məqalələri “Azərbaycanın işğaldan azad olunan ərazilərinin turizm potensialı”, “Azərbaycanın turizm destinasiyaları”, “Turizmin iqtisadiyyatı və idarəedilməsi”, “Turizmdə marketinq”, “Turizmdə dillərin rolu”, “Azərbaycanda mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafı”, “Turizmdə nəqliyyat xidmətləri” adlı bölmələrdə dinlənildi.