"Ermənistanda istər iqtidar, istərsə də müxalifət eyni mövqedədir. Onların mövqeyi sülh prosesinin görüntüsünü yaratmaqdır". 

Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Eks-nazir bildirib ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 prinsipi ümumi şəkildə qəbul edib.

"Bu məsələni uzadırlar. Onların gələcəkdə müəyyən prinsipin məzmununu dəyişmək cəhdləri aydın görünür. Belə ki, Paşinyan siyasi bəyanatlar verir. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə açıq bəyan edir ki, məqsədləri yeni şəraitdə "Artsax" siyasətini davam etdirməkdir. "Təhlükəsizlik" mövzusunu irəli ataraq, orada öz hərbi hissələrini saxlamaq niyyətindədirlər. Ermənistan sülh sazişindən öz əsas istəklərini ört-basdır etmək üçün istifadə edir. Vaxt uzatmaq, real sülhə aparan məsələlərin qarşısını almaq və s. Bu taktika davam olunacaq. 

Son günlər Ordumuzun mövqelərinin atəşə tutulması da bunun bir hissəsidir. Onlar başa düşürlər ki, məsələlər iki istiqamətdə getməlidir. Bunlar, sülh sazişi və delimitasiyadır. Ermənistan tərəfi bu məsələlərdə müxtəlif üslublardan istifadə edəcək".

Anar Kəlbiyev