ABŞ və Monqolustandan quşçuluq məhsulların idxalı məhdudlaşdırılıb.

Bu barədə "Unikal"-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Monqolustanın Xentiy, Dornod və Süxbaatar vilayətlərində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Aydaho, Miçiqan və Pensilvaniya ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Monqolustanın Xentiy, Dornod və Süxbaatar vilayətlərindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, həmçinin Amerika Birləşmiş Ştatlarının Aydaho, Miçiqan və Pensilvaniya ştatlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidlərindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan və Amerika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.