Abşeronda bıçaqlanma hadisəsi olub.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Laçın rayon sakini, 1986-cı il təvəllüdlü Emin Hünbətov Ceyranbatan qəsəbəsində tanışı Rafiq Novruzovu bıçaqlayıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət almış şəxs xəstəxanaya aparılıb.

Bildirilir ki, hadisə Ceyranbatandakı “Praqa” restoranının yaxınlığındakı köşkün arxasında baş verib. Emin Hünbətov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və o, şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, bıçaqlanma hadisəsini törədən E.Hünbətov Vətən Müharibəsində iştiraka görə 2 medalla təltif edilib. Onun atası İsrafil Hünbətov Birinci Qarabağ Müharibəsində şəhid olub.

Xatırladaq ki, E.Hünbətovun adı bir neçə ay əvvəl özünə qanunsuz obyektlər açmaq məsələsində hallanıb. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı açıqamada deyilirdi ki, E.Hünbətov Ceyranbatanda heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir köşk quraşdırıb: "Beynəlxalq əhəmiyyətli yolun kənarında hər hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmayıb, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olub. 

Bıçaqlanma hadisəsi də məhz bu köşkün arxasında baş verib.