Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüş keçirib.

“Unikal” xəbər verir ki, Abşeron RİH binasında baş tutan görüş zamanı Abdin Fərzəliyev rayonun coğrafi mövqeyi, turizm və iqtisadi imkanları, istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları haqqında ətraflı məlumat verib.

Yaponiyalı iş adamlarını Abşerona sərmayə yatırmağa çağıran icra başçısı bunun üçün rayonda bütün iqtisadi imkanların mövcudluğunu, yaponiyalı turistlərin isə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baş çəkmələrinin arzulanan olduğunu səfirin diqqətinə çatdırıb.

Səfirlik tərəfindən Azərbaycanda bir sıra humanitar layihələrin icra edildiyini, onlardan bir neçəsinin də Abşeronda reallaşdırıldığını xatırladan başçı Xırdalan şəhərində məişət tullantılarının idarə olunması və zərərsizləşdirilməsi, eləcə də Masazır Duz gölünün ətrafında istirahət parkının salınması zamanı Yaponiya şirkətlərinin təcrübəsindən yararlanmağın məqsədəuyğun olduğunu bildirib.

Öz növbəsində səfir Vada Cuniçi Azərbaycan Yaponiya əlaqələrinin qurulmasının 30 illiyi olduğunu və buna görə il ərzində bir sıra böyük layihələrin həyata keçiriləcəyini söyləyib. Bu illər ərzində təmsil etdiyi səfirlik tərəfindən Azərbaycanda ekologiya, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində humanitar layihələrin həyata keçirildiyini önə çəkən səfir bu layihələrdən birinin də Abşeronda gerçəkləşəcəyini qeyd edib. Səfir həmçinin Xırdalan şəhərində Yaponiya mədəniyəti, xörəkləri və adət-ənənələri ilə bağlı sərgi keçirmək arzusunda olduqlarını bildirib.

Görüşdən sonra səfir Vada Cuniçi Abşeron rayonunda istehsal sahələrini gəzib, sənaye və kənd təsərrüfatı məhsulları ilə tanış olub.