Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İş dünyasının açarı - Uğurlu CV-ni necə hazırlamalı?” mövzusunda onlayn təlim keçirilib.

"Unikal" xəbər verir  ki, onlayn tədbirdə Azərbaycan Turizm Bürosunun İnsan Resursları sektorunun meneceri, İnsan Resursları və təlim sahəsində geniş fəaliyyəti ilə fərqlənən Ülviyyə Qasımzadə uğurlu CV yazılmasının sirləri, açar sözlər, CV-lərdə vacib və qeyri-vacib məqamlar, dizayn və s. məsələlərə aydınlıq gətirib. Tanınmış ekspert Ü.Qasımzadə mükəmməl və müasir formatda tərtib edilən CV-nin işəqəbul şansının və məşğulluq probleminin müsbət həllində başlıca amil kimi dəyərləndirib. 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunan onlayn təlimə  Universitetin tələbə və məzunları, akademik - inzibati heyət üzvləri qatılıb.

“İş dünyasının açarı – Uğurlu CV-ni necə hazırlamalı?” mövzusuna həsr olunan təlimin sonunda ekspert tərəfindən tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb.