Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağaların aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əksər ölkələr, tibbi maskadan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv ediblər.

"Hətta bu məsələlərə konservativ yanaşan liberal Birləşmiş Ştatlar da yeni yumşaldılmalar barədə qərar verdi. Karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımından vacibdir. 2021-ci ildə formalaşmış Ümumi Daxili Məhsulun 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payın düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir".

Deputat bildirib ki, yeni turizm mövsümü başlayır. O əlavə edib ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalıb:

"Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəl illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq".