"Satınalmalarla, tenderlərlə bağlı məsələlər hər il Hesablama Palatası tərəfindən göstərilir. Amma biz bunlarda hansısa inkişaf görmürük".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, dövlət vəsaitinin xərclənməsində pozuntular daha pis səviyyədə davam edir:

"Burada Hesablama Palatası öz mövqeyini ortaya qoymalıdır. May ayında dövlət büdcəsinin icrasına baxacağıq. Hesablaması büdcənin icrası ilə bağlı məsələlərə ildə 3, 4, bəlkə də 5 dəfə baxmalıdır. Bunun üçün Hesablama Palatası bizə müraciət edə bilərdi. Bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edə bilərik. May ayında Milli Məclis artıq büdcənin icrasına baxanda pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib. Buna qədər Hesablama Palatası bu icraya nəzarət edə bilər”.