Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar.

Elvin Kərimovdan 1 ədəd “TT” markalı tapança 8 ədəd patron, 1 ədəd daraq, Rüstəm Kərimovdan isə 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkar edilib.

Sumqayıt şəhərində keçirilən tədbir zamanı salxanılan Aslan Hüseynovdan 1 ədəd “Naqan” markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb.

Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan Akif Abzərovdan isə “Brauning” konstruksiyalı tapança, 9 ədəd patron, 1 ədəd daraq, Vüsal Cəfərovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 27 ədəd parton aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.