Baş nazir Əli Əsədov bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.

“Unikal” xəbər verir ki, görüşdə cari ildə Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb. Dünya Bankının bu istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirilib.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.