Türkiyəli mərhum müğənni Bergeni qətlə yetirən keçmiş həyat yoldaşı Halis Özgür bir müddət əvvəl ekranlara çıxan və böyük maraqla qarşılanan "Bergen" filminin istehsalçı şirkətinə qarşı şəxsi hüquqlarına qəsd iddiası ilə maddi və mənəvi təzminat iddiası qaldırıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir  ki,  bu  barədə Halis Özgürün vəkili məlumat yayıb. 

"Müvəkkilim inanılmaz dərəcədə ölüm təhdidləri alır. Bununla bərabər sosial mediada durmadan təhqir olunur. Ortada şəxsin icazəsi olmadan çəkilmiş film və hüququn pozulduğu bir vəziyyət var. Müvəkkilim təzminatı alsa, dərnəklərə bağışlayacaq", -vəkil ifadə edib. 

Arabesk-fantaziya qolunda ifa etdiyi əsərlərlə məşhurlaşan və 1989-cu ildə boşandığı həyat yoldaşı Halis Özgür tərəfindən öldürülən müğənni Bergenin həyatından bəhs edən "Bergen" filmi mart ayında nümayiş olunub. Baş rollarda Farah Zeynep Abdullah, Tilbe Saran və Erdal Beşikçioğlunun yer aldığı film böyük marağa səbəb olub. Bergeni öldürən Halis Özgürün yaşadığı Adananın Kozan rayonunda film nümayiş etdirilməyib.