Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq layihələr və qrantlar şöbəsinin müdiri Mehparə Əhmədova və Bakı Mühəndislik Universiteti (BMU) Texnoparkında baş mütəxəssis və layihə meneceri Arif Nəcimov təhsil sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından olan Xarici tələbələrə məsləhətçilərin Milli Assosiasiyasının (NAFSA, ABŞ) “Məsafəni aşmaqla hədəfi paylaşmaq” adlı beynəlxalq konfransında iştirak ediblər. 

"Unikal" xəbər verir ki, ölkəmizi təmsil edən şəxslər həmçinin, Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının (ABTMA) İdarə Heyətinin üzvləridir.

Hibrid qaydada baş tutan tədbirdə Azərbaycandan olan nümayəndələrin çıxışlarının əsas məqsədi cari ilin yanvar ayında Gürcüstanda təşkil olunan “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi Əsasında Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı beynəlxalq təhsil konfransı zamanı qazanılan təcrübə və Cənubi Qafqazda təhsilin beynəlmiləlləşməsi istiqamətində aparılan islahatlar haqqında konfrans iştirakçılarının məlumatlandırılmasından ibarət idi. 

Faina Qaçabəyova öz çıxışında ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında 15 ildir uğurla davam edən “Azərbaycan-Avstriya Turizm Proqramı” adlı ikili diplom proqramının əhəmiyyəti və əldə olunan nailiyyətlərdən söz açıb. Tədbir çərçivəsində ATMU təmsilçisi F.Qaçabəyova Azərbaycan və Gürcüstan ali təhsil müəssisələrində beynəlxalq təcrübələrin oxşar və fərqli cəhətlərini vurğulamaqla, həmçinin təhsilin beynəlmiləlləşməsində keyfiyyətin təminatı mövzusuna münasibətini də açıqlayıb. 

Onu da qeyd edək ki,Beynəlxaq konfransın təşkili ABTMA və ABŞ-ın Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (AIEA) arasında əməkdaşlığın qurulmasını şərtləndirən uğur göstəricilərindən biri kimi dəyərləndirilir.