04 sentyabr 2020-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kənd sakini Aidə Şəmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən yekunlaşdırılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, aparılmış istintaqla  müəyyən edilib ki, zərərçəkmişin qonşusu Şəhriyar Tapdıqov əvvəlcədən planlaşdırdığı oğurluq cinayətini törətmək üçün həmin gün saat 10 radələrində heç kəsin olmadığını düşünərək Aidə Şəmmədovanın yaşadığı evə qanunsuz daxil olub otaqlarda axtarış apararkən evin dəhlizində qəflətən Aidə Şəmmədova ilə qarşılaşmış, törətdiyi oğurluq cinayətini gizlətmək məqsədilə sonuncunun baş nahiyəsinə linglə bir neçə dəfə zərbə endirərək onu qəsdən öldürüb.

Şəhriyar Tapdıqova Cinayət Məcəlləsinin 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.