Rusiya Ukrayna müharibəsində gərginliyin daha da artması səbəbindən Qərb Moskvaya qarşı yeni sanksiyaları müzakirə edir. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropa İttifaqının Rusiya qazından imtina məsələsi də müzakirə edilən mövzulardandır.

"Hazırda Rusiya Avropanın qaz idxalının 45, ümumi istehlakının isə 40 faizini formalaşdırır. Qədim qitənin qaz ehtiyatları yüksək qiymətləndirilməsə də Brüssel bu məsələdə daha radikal addımlar ata bilər. Mərkəzi və Şərqi Avropa ölkələri qaz ehtiyatları baxımdan daha riskli zona hesab olunur. Mələsən, Çex Respublikasının cəmi 34 günlük qaz ehtiyatları var. Doğrudur, havaların istiləşməsi Avropaya manevr imkanları verir. Bununla belə, azalan və ya imtina edilən idxalı qısa zamanda başqa mənbələr hesabına kompensasiya etmək çox çətindir".

Deputat qeyd edib ki, Rusiya üçün də enerji məhsullarının, o cümlədən qazın ixracatı əsas gəlir mənbələrindən biridir:

"2021-ci ildə Rusiyanın neft ixracatından gündəlik gəliri 350 milyon dollar olub. Qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir. Görünən budur ki, tərəflər “va-bank”  getməkdən belə çəkinmirlər. Tunelin sonunda isə hələ də “işıq” görsənmir".

Anar Kəlbiyev