Gəncədə cibgir qardaşlar tutulub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə marşrut avtobusunda şəhər sakini olan qadın sərnişinin cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Adıgözəlov və qardaşı U.Adıgözəlov müəyyən edilərək saxlanılıb.

Ə.Adıgözəlovdan “TOZ-8” markalı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların şəhər ərazisində marşrut avtobusunda daha bir qadının mobil telefonunu, küçədə digər bir qadının cibindən mobil telefonunu, həmçinin bir evin həyhətindən su mühərriki, rezin və dəmir borular, dəmir künclüklər, digər bir evdən isə təmir-tikinti alətləri oğurlamaları da müəyyən olunub.

Araşdırma aparılır.