ABŞ-da çıxan “New York Times” qəzeti Rusiya və Belarusun Ukraynaya qarşı artan müharibə təhlükəsinə qarşı sərhədə yerləşdirilən əsgərlərlə bağlı məqalə dərc edib.

"Unikal"  xəbər verir ki, qəzet əsgərlərin dünyanın ən ölümcül nüvə fəlakətinə səbəb olan Çernobılda yerləşdirildiyini və bu vəziyyətin ciddi risklər daşıdığını iddia edib.

Nəşrin məlumatına görə, Rusiyadan Ukraynanın paytaxtı Kiyevə gedən ən qısa yol ən pis nüvə fəlakətinə səbəb olan Çernobıldan keçir. 

Bildirilib ki, Ukrayna müdafiə etməyi düşündüyü bu əraziyə əsgərlər toplayıb və ordusunu radioaktiv əraziyə yerləşdirməyə məcbur edib. Bu vəziyyət ölkədə müzakirələrə səbəb olub. 

Ukraynanın sərhəd mühafizə xidmətinin polkovnik-leytenantı Yuri Şaxrayçuk, “Buranın çirkli olması və ya burada heç kimin yaşamamasının fərqi yoxdur. Bu, bizim regionumuzdur, bizim ölkəmizdir və biz onu müdafiə etməliyik. Biz sərhəddəki vəziyyətlə bağlı məlumat toplayırıq və onu Ukrayna kəşfiyyat orqanlarına ötürürük”, - deyə açıqlama yayıb. 

Həmçinin bildirilib ki, Ukrayna hökuməti Belarusla gərginliyin artması səbəbindən reaktordan kilometrlər uzaqda əlavə qüvvələr yerləşdirib.

Çernobıl zonası Belarus sərhədindən Kiyevə qədər ən qısa yolda yerləşən təxminən min kvadrat kilometr ərazini əhatə edir. Bataqlıq və sıx meşəlik olduğundan bu, işğalın ən çox ehtimal olunan yolu olmasa da, Ukrayna bu ehtimalı istisna etmir.

Gülayə Mecid