Bu gün media nümayəndələri üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir. ​Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov çıxış edərək bildirib ki, təlimin məqsədi Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlar çərçivəsində tətbiq edilən yeniliklər, layihələr və dəyişikliklərlə bağlı jurnalistlərin məlumatlandırılmasıdır. MEDİA Agentliyi ilə birgə təşkil etdiyimiz bu tədbir həm də gömrük-media əlaqələrinin daha da gücləndirilməsində, sahəvi jurnalistikanın inkişafında, media nümayəndələrinin gömrük sahəsindəki biliklərinin artırılmasında mühüm rol oynayacaq.

Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova diqqətə çatdırıb ki, ölkənin müxtəlif orqanlarında gerçəkləşdirilən islahatlar barədə məlumatların cəmiyyətə düzgün çatdırılması, müxtəlif hədəf qruplarının bu sahədə baş verən dəyişikliklərin məzmun və mahiyyətindən zamanında xəbərdar olması, bu xüsusda dövlət qurumlarının media subyektləri ilə peşəkar əməkdaşlığının gücləndirilməsi Medianın İnkişafı Agentliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. MEDİA Agentliyi olaraq jurnalistlərin sahəvi biliklərinin artırılması məsələlərinə xüsusi önəm veririk və Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən bu təlimin faydalı olacağına əminik. ​ Təlim çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük sahəsində risklərin idarə edilməsi, informasiya texnologiyalarının tətbiqi, hüquqpozmalarla mübarizə, fiskal fəaliyyət, “Yaşıl Dəhliz” buraxılış sistemi, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklərə dair təqdimatlar nümayiş edtiriləcək. ​ Eyni zamanda, Medianın İnkişafı Agentliyinin mütəxəssisləri “Media islahatları: əsas hədəflər” mövzusunda təqdimatla çıxış edəcəklər. ​ Təlim çərçivəsində ​ jurnalistlərin Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postuna səfəri planlaşdırılır. Səfər zamanı jurnalistlər gömrük sistemində tətbiq edilən yenilikləri əyani şəkildə müşahidə etmək imkanı əldə edəcəklər. Təlim yanvarın 25-də yekunlaşacaq.​

Anar Kəlbiyev