Almaniyada Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Kay-Achim Şönbax Rusiya prezidenti Vladimir Putini tərifləyən sözlərindən sonra tutduğu vəzifədən istefa verib.

"Unikal" xəbər verir  ki,  o, bu barədə tədbirlərin birində çıxışı zamanı deyib. Almaniyalı  komandan Putindən söhbət  açaraq, "Ona layiq olduğu hörməti vermək asandır", ifadəsini işlədib.

Daha sonra, Rusiya qoşunlarının Ukraynaya hücum edə biləcəyi qorxusunu “absurd” adlandıran Şönbax, “Krım yarımadası getdi, geri qayıtmayacaq, bu bir həqiqətdir”, - deyib.

Vitse-admiralın Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarından sonra Ukrayna Xarici İşlər Nazirliyi Almaniyanın Ukraynadakı səfiri Anka Feldhuseni Xarici İşlər Nazirliyinə çağırıb və Şönbaxın açıqlamalarının qəbuledilməz olduğunu bildirib.

Almaniya Federal Müdafiə Nazirliyi bəyanatında Şönbaxın açıqlamalarının "məzmun və ya diskurs baxımından heç bir şəkildə nazirliyin heç bir mövqeyinə uyğun olmadığını" bildirib.

Hərbi Dəniz Qüvvələrinin mətbuat və informasiya mərkəzi vasitəsilə açıqlama verən Şönbax, “Federal Müdafiə Nazirindən məni dərhal vitse-admiral kimi vəzifə və vəzifələrimdən azad etməyi xahiş etdim. Mən bu addımı Almaniya Hərbi Dəniz Qüvvələrinə və ilk növbədə Almaniya Federativ Respublikasına gələcək zərərin qarşısını almaq üçün zəruri hesab edirəm. Federal nazir xahişimi qəbul etdi”, - deyə açıqlama  verib. 

Gülayə  Mecid