Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb. Hökmə əsasən, E.Nağıyev 9 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.

Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.