Bakı-Şamaxı -Yevlax avtomobil yolun yerləşdiyi ərazidə qarlı hava davam edir. Yolun 104 -124 kilometrlik hissəsində buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, hazırda Şaxamı-Muğanlı və Muğanlı-İsmayıllı istiqamətində avtomobil yolunda qarın təmizlənməsi tədbirləri davam etdirilir. Qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün texnika cəlb olunub.

"Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə iş aparır. Problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülüb".

Qeyd edək ki, bu gün qarlı hava nəticəsində Bakı-Şamaxı -Yevlax avtomobil yolunda buzlaşma baş verib. Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.