"Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. 2019-cu ildə isə bu göstərici 807 milyon 610 min dollar olmuşdu".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pandemiya rəğmən iki ölkə arasındakı ticarət dövriyyəsi 2020-ci ildə cüzi azalıb:

"Son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2.3 dəfə artıb. 2016-cı ildə ölkələr arasında idxal və ixrac cəmi  331 milyon 215 min dollar olmuşdu. Ukrayna son illər qardaş Türkiyə ilə də iqtisadi əlaqələri gücləndirib. Belə ki, Türkiyə ilə Ukrayna arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 9 ayında 50 faiz artaraq 5 milyard dollara çatıb. İllik dövriyyə artıq 6 milyard dollara yaxınlaşmaqdadır. Tərəflər yaxın illər üçün illik 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfləyirlər. Azərbaycan və Ukrayna eyni zamanda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edirlər. Hər iki ölkə ərazi bütövlüklərini qarşılıqlı olaraq hər zaman tanıyaraq strateji əməkdaşlıq tarixinə malikdirlər. Tərəflər arasındakı iqtisadi əməkdaşlığın növbəti illərdə daha da güclənəcəyi gözlənilir".

Anar Kəlbiyev