AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, İşlər idarəsinin müdir müavini, İşlər idarəsinin müdiri v.i.e. Fikrət Əliyev, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin müdirləri, o cümlədən əməkdaşları iştirak ediblər.

Hesabat iclasını giriş nitqi ilə filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov açaraq sözü məruzə üçün Fikrət Əliyevə verib.

F.Əliyev qeyd edib ki, AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması, istirahətlərinin təşkili və digər sosial təyinatlı tədbirlər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edir. O vurğulayıb ki, AMEA əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin yaradılması, eyni zamanda bu sahədə vahid mərkəzdən koordinasiyanın təmin edilməsi məqsədilə idarənin strukturunda Sosial xidmətlər şöbəsi yaradılıb.