"Çörək insan orqanizmi üçün əsas karbohidrat mənbəyidir. Onun tərkibində protein, eyni zamanda, orqanizm üçün çox vacib olan vitaminlər var".

Bunu "Unikal"a açıqlamasında dietoloq Vüsalə Tağıyeva deyib. O, bildirib:

"İnsanlar çörək yeməsələr də olar. Bu, orqanizmdə heç bir fəsad törətməz. Çörəyin əvəzinə meyvə-tərəvəz və digər taxıl qrupları daxil olan məhsullardan istifadə etmək olar. Belə ki, insanlar çörəyin əvəzinə buğda, arpa, bulqur və yaxud qarabaşaqdan istifadə edə bilərlər. 

Buna baxmayaraq, bizim xalqımızın qidalanma tərzində çörək daha üstünlük təşkil edir, çünki insanlar çörəyi əvəzləyən qidaları lazımi qədər istifadə etmirlər. Bu, həm də ekonomik cəhətdən də sərfəli deyil. Eyni zamanda, həmin məhsulların çörək qədər doyumcul xüsusiyyəti yoxdur. 

İnsanların kəpəkli və tam taxıllı undan hazırlanmış çörəklərdən istifadə etmələri daha məsləhətlidir". 

Murad İbrahimli