Qazaxıstanda maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir.

"Unikal" xəbər verir ki, nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib.

O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz edirlər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

20:01

xxx

Qazaxıstan hökuməti üç günlük etirazlardan sonra qazın qiymətini endirdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu haqda Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan hökuməti “qaz” aksiyası iştirakçılarının tələblərini qəbul edib və Manqistau vilayətində avtomobillər üçün yanacağın qiymətini 50 təngə (təxm. 19 qəp.)) müəyyən edib. Həmçinin meydanda olan etirazçılara məsuliyyətə cəlb olunmayacaqlarına dair təminatlar verilib.

“Hökumət komissiyası Aktau şəhərində meydana toplaşan fəallarla görüşüb. Görüşdə Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı qəbul edilmiş qərarlar, yəni mayeləşdirilmiş qazın maya dəyərinin aşağı salınması və Manqistau vilayətində 1 litr üçün 50 təngə müəyyən edilməsi barədə qərarlar açıqlanıb. Tərəflər həmçinin yaranan bütün problemləri konstruktiv dialoq əsasında və mövcud qanunvericilik çərçivəsində həll etmək barədə razılığa gəliblər”, - deyə hökumət bildirib.

Etirazçılar hökumətin qazın qiymətinin aşağı salınması vədi ilə kifayətlənməyib. Aktauda meydana toplaşan insanlar çadırlarını qurub, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüş tələb ediblər.

Qeyd edək ki, yanvarın 5-də prezident Tokayev hökumətlə respublikadakı sosial-iqtisadi vəziyyəti ilə bağlı müşavirə keçirəcək.