"Bu aydan Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərin əhatə etdiyi sektorlardan biri də avtomobil idxalı və satışı ilə bağlıdır". 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu aydan başlayaraq növbəti 3 ildə ƏDV-dən azad edildi:

"Dəyişikliklərə görə, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir".

Deputat bildirib ki, iqtisadi baxımdan son dəyişikliklər avtomobil bazarına iki istiqamətdə təsir göstərməlidir:

"Birincisi, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar istisna edilmir. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq. Digər tərəfdən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması onların xərcini yüksəldəcək və bu da həmin maşınların qiymətlərində artımlara gətirib çıxaracağı istisna deyil".

V.Bayramov qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır: "Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq, mühərriki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu ekoloji və yol təhlükəsizliyi baxımından da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda, hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur".

Anar Kəlbiyev