Xəbər verdiyimiz kimi, Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, Adıgözəlov Fərhad Əsgər oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu  ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit istiqaməti üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb və 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə Dövlət Sığorta Şirkətində başlayıb, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə Kapital Bank ASC-də departament direktoru, 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə  Azər-Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 

2020-ci ilin sentyabr ayından "Azərsığorta"ya sədr təyin edilənədək Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Anar Kəlbiyev