2021-ci il ölkəmizdə bir çox hadisələrlə yadda qalacaq. Bu ili həm də böyük itkilərlə geridə qoyuruq. Belə ki, 2021-ci ildə Azərbaycanın bir çox ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.

"Unikal" 2021-ci ildə  dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:

Yanvarın 4-də bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 59 yaşında ürək tutmasından vəfat edib.

Yanvarın 5-də "Baku Network" Ekspert Şurasının direktoru, "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Yanvarın 27-də aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi Arif Həbibi 77 yaşında həyatını itirib. Mərhum aktyor Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olub.

Fevralın 20-də Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru, “Əməkdar jurnalist” Eldar İsmayıl Böyüktürk 79 yaşında qanda şəkərin miqdarının kəskin artması nəticəsində dünyasını dəyişib. 

Fevralın 22-də Xalq artisti Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

Aprelin 3-də Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisi Nailə İsayeva 74 yaşında dünyasını dəyişib. N.İsayeva Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının həyat yoldaşıdır.

Aprelin 5-də Xalq artisti, məşhur gitara ifaçısı Rəmiş (Rafiq Hüseynov) 77 yaşında vəfat edib.

Aprelin 11-də Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov 71 yaşında vəfat edib.  Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

Aprelin 16-da Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dünyasını dəyişib. O, bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Aprelin 26-da Əməkdar artist Baloğlan Əşrəfov 70 yaşında vəfat edib. Müğənni koronavirusa (COVID-19) yoluxmuşdu, ev şəraitində müalicə alırdı.

Aprelin 30-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 56 yaşında ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 

Elə həmin gün Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Akif Səlimov 70 yaşında vəfat edib. A.Səlimov 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı olub.

Mayın 4-də müğənni Aslan Hüseynov 54 yaşında yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Mayın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.

Mayın 6-da Xalq artisti, aktyor Arif Quliyev 70 yaşında koronavirus səbəbindən vəfat edib.

Mayın 7-də Azərbaycanın Xalq şairi, keçmiş deputat Musa Yaqub 84 yaşında dünyasını dəyişib. M. Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Mayın 16-da Əməkdar jurnalist Svetlana Nəcəfova 83 yaşında vəfat edib. 

Mayın 21-də Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişib.

Mayın 25-də AzTV-nin keçmiş sədri, eks-deputat Nizami Xudiyev 72 yaşında böyrək çatışmazlığından vəfat edib.

Mayın 28-də Əməkdar artist Zöhrə Abdullayeva 68 yaşında dünyasını dəyişib.

İyunun 9-da Xalq artisti, rejissor Ramiz Əzizbəyli uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyaya gözlərini əbədi yumub.

İyunun 11-də Milli Məclisin sabiq deputatı Aslan Abbasov 71 yaşında vəfat edib. O, 1988–1992 illərdə Gəncə şəhər Kəpəz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Sabiq məmur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

İyulun 24-də Azərbaycanın Xalq artisti Səməd Səmədov 74 yaşında müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev koronavirusdan vəfat edib.

Sentyabrın 14-də Əməkdar artist Yaqub Zurufçu 65 yaşında koronavirusdan vəfat edib.

Sentyabrın 26-da Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyaya gözlərini əbədi yumub.

Sentyabrın 27-də əfsanəvi “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev 85 yaşında dünyasını dəyişib.

Sentyabrın 30-da müğənni Səyyad Əlizadə 63 yaşında koronavirusdan vəfat edib.

Sentybarın 30-da Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov koronavirusdan dünyasını dəyişib.

Oktyabrın 5-də Azərbaycanın Xalq artisti Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib. 

Oktyabrın 8-də Xalq artisti, rejissor, professor Ağakişi Kazımov 85 yaşında vəfat edib. 

Oktyabrın 19-da Tanınmış jurnalist,  Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu 47 yaşında koronavirus səbəbindən dünyasını dəyişib.

Oktyabrın 22-də Xalq artisti Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib. Xanəndə iki il əvvəl beyin insultu keçirmişdi. 

Noyabrın 4-də “Azərxalça”nın sabiq sədri Vidadi Muradov 65 yaşında vəfat edib. V.Muradov vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilmiş, noyabrın 1-də isə səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılmışdı.

Noyabrın 16-da Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.

Anar Kəlbiyev