“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, tədbirlər Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərinin hibrid tut ipəkqurdu toxumu ilə təminatında yerli istehsalın payının tədricən artırılması istiqamətində davamlı fəaliyyətlər həyata keçirilməkdədir. 

Cari mövsümdə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş superelit, elit və hibrid tut ipəkqurdu toxumunun partiyalar üzrə çəkisini müəyyən etmək, həmçinin hər bir partiyada dirilmə faizini və xəstəlikləri təyin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq komissiya yaradılıb. Bu məqsədlə komissiya üzvlərinin iştirakı ilə Stansiyada istehsal edilmiş tut ipəkqurdu toxumundan nümunələr götürülüb, paketlənərək möhürlənib. 

Ümumilikdə 34 kq tut ipəkqurdu toxumu qışlama üçün soyuducuya qoyulub. 2022-ci ilin mart ayında həmin nümunələr inkubasiya kamerasında dirildilərək toxumun dirilmə faizi müəyyən ediləcək və xəstəliklərin müayinəsi üçün mikroskop analizindən keçiriləcək, həmçinin müayinə zamanı xəstəliklər aşkar olunmuş partiyalar çıxdaş ediləcək. 

Beləliklə, komissiyasının müvafiq rəyindən sonra növbəti mövsümdə kümçülərimiz sağlam, keyfiyyətli və xəstəliklərdən azad hibrid tut ipəkqurdu toxumları ilə təmin ediləcəklər.