Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.

"Unikal"ın məlumatına görə, buna XIII turun ilk oyun günündə aydınlıq gəlib.

İki matçın baş tutduğu gün məhsuldar alınıb. Çempionatın autsayderləri “Keşlə” və “Səbail”in matçında 4 qol vurulub. Qəsəbə təmsilçisi iki top fərqi ilə çıxsa da, azlıqda qaldıqdan sonra üstünlüyünü əldən verib – 2:2.

Premyer Liqanın lideri “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibini bu dəfə böyükhesablı məğlubiyyətə uğradıb – 4:1. Darmadağınla üzləşən “Sabah”ın 5 matçlıq məğlubiyyətsizliyi başa çatıb. Qurban Qurbanovun yetirmələri isə mövsümün ilk yarısını 1-ci pillədə başa vuracağını təmin edərək qış çempionu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.