ATMU-nun Turizm biznesi kafedrasında fəaliyyət göstərən “Qarabağ turizm dərnəyi”ndə onlayn elmi-praktik seminar keçirib. 
 
"Unikal"
xəbər verir  ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)Turizm biznesi kafedrasının müdiri, dos. Hafiz Hüseynov elmi-praktik seminarda çıxış edib.

Hafiz Hüseynov yaşadığımız pandemiya dövründə sağlamlıq turizminin dinamik inkişafını ləngidən problemlərin olması qaçılmaz olduğunu diqqətə çatdırıb.

"Məhz dövlətimiz tərəfindən icrası zəruri sayılan  tədbirlər zərfi bizə imkan verdi ki,  həyatımızın önəmli sahələrindən sayılan sağlamlıq turizminin bərpası və səmərəli  fəaliyyət sferası bizlərdən ötrü də əlçatan olsun".

Elmi-praktik seminarın iştirakçılarından “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın sədri Ruslan Quliyev isə “Pandemiya dövründə sağlamlıq turizminin inkişaf tendensiyası və problemləri: 4 problem, 4 həll!” mövzusuna dair çıxışında müasir şəraitdə sağlamlıq turizminin inkişaf tendensiyası, pandemiya dövründə mövcud problemlər və post-pandemiya dövründə sağlamlıq turizminin inkişaf modellərindən bəhs edib. R.Quliyev sağlamlıq turizminin inkışafında nəsillərarası bölgünun aradan qaldırılması, termal turizmlə spa-welness turizminin sinxron inkişaf etdirilməsi, onların iki məhsul və vahid  bazarda realizə olunması mexanizmləri, sağlamlıq turizminin 8 alt seqmentinin müəyyənləşdirilməsi,eyni zamanda Azərbaycan turizm destinasiyasında səmərəli tətbiqini şərtləndirən səbəb və sair məsələlərə aydınlıq gətirib.

“Qarabağ turizm dərnəyi”nin onlayn formatda keçirilən növbəti tədbiri ATMU-nun Turizm biznesi kafedrası əməkdaşlarının çoxsaylı sualları və qarşılıqlı  müzakirəsi ilə başa çatıb.