Güllü (adı şərtidir) iki aydan çoxdur ki, iki körpəsi ilə Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin məişət zorakılığı qurbanları üçün sığınacağında yaşayır. İki azyaşlı uşaqla sığınacaqda yaşamaq çətin olsa da, Güllü buna məcburdur. Çünki, sığınacaqdan başqa qalmağa yeri yoxdur.

Bu gün Azərbaycanda  Güllü kimi yüzlərlə qadın Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin məişət zorakılığı qurbanları üçün sığınacağına sığınıb. Onlar BMT Baş Məclisinin 1999-cu il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününü də məhz bu sığınacaqda qeyd edirlər...

Ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri "Azərbaycanda 2020-2023-cü illər üçün məişət zorakılığına qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı" çərçivəsində həyata keçirilsə də, qadınları zorakılığın caynağından xilas etmək mümkün olmayıb.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, hazırda sığınacaqda 200-dən çox qadın məskunlaşıb. Onlar öz uşaqları ilə sığınacaqda yaşayırlar: “Birliyin əvvəlki sığınacağı çox sayda məişət zorakılığı qurbanı olan qadını qəbul etməyə imkan vermirdi. Amma yeni sığınacağın sahəsi böyükdür. Burada qadınların öz uşaqları ilə qalması üçün hər bir şərait yaradılıb. Sığınacaqda reabilitasiya otaqları, yataq otaqları, böyük yeməkxana, sanitar qovşaq, dərs otağı var. Burada yerləşən qadınlara psixoloji və hüquqi yardım göstərilir. Onların övladlarına sənəd alınır. Çünki, sığınacağımıza gələnlərin əksəriyyəti qeyri-rəsmi nikahdan uşaq dünyaya gətiriblər. Bu zaman uşaqların atalığı müəyyən olunur. Ondan sonra həmin uşaqlara sənəd hazırlanır. Bu gün sığınacaqda xeyli sayda uşaq var ki, biz onlara sənəd ala bilmişik. Bunun üçün aidiyyatı qurumlar bizə dəstək göstərir”.

M. Zeynalova Azərbaycanda bu il sığınacağa 490 qadının məişət zorakılığına məruz qaldığı üçün müraciət etdiyini söyləyir. Birlik sədri deyir ki, qadınların pozulmuş hüquqlarının bərpası istiqamətində aidiyyatı dövlət qurumları ilə birgə iş aparılır, onların zorakılığa məruz qaldığını sübut etmək üçün ekspertizadan keçməsi təmin olunur.

M. Zeynalova onu da bildirir ki, bu gün sığınacaqda təkcə Azərbaycan vətəndaşlarına yox, Azərbaycanda məişət zorakılığına məruz qalmış xarici ölkə vətəndaşlarına da dəstək göstərilir.

Birlik sədri deyir ki, sığınacağa sığınan qadınların çoxu savadsız olduğundan onlara müxtəlif peşə məktəblərində peşələrə yiyələnmələri üçün dəstək göstərilir, işlə təmin olunmaları üçün aidiyyatı qurumlara müraciət edilir.

Sığınacağa gələn kimi həmsöhbət olduğumuz Güllü də gələcəkdə peşə öyrənmək istəyindədir. Onun sözlərinə görə, evini tərk edərək sığınacağa üz tutmasının səbəbi yoldaşının ona şiddət göstərməsidir: “Yoldaşım spirtli içkiyə aludə olub. Ona görə də bizim ailə düzənimiz dağıldı. Bir-birimizi sevsək də, uşaqlar doğulandan sonra ailəyə münasibəti dəyişdi. Hər gün içib məni və uşaqları döyürdü. Mən də uşaqlarımı götürüb gecəylə evi tərk edib Bakıya gəldim”.

M. Zeynalova deyir ki, zorakılıq olan ailələrdə uşaqlar da şiddətə məruz qalır. Birlik sədri qeyd edir ki, bu il sığınacağa daxil olanların 22-si yeniyetmədir. Sığınacaq sakinlərindən 201-i qadın, 216-ı isə uşaqdır. Onun sözlərinə görə, 17 uşaq isə sığınacağa valideynsiz daxil olub. Onlar sığınacağa  müxtəlif polis bölmələrindən gətiriliblər. Sığınacağa daxil olanlardan ikisi erkən nikaha daxil olan 13 yaşlı qızlardır. Onlar artıq dünyaya övlad belə gətiriblər”.

M. Zeynalova bildirir ki, hazırda sığınacaqda oxumaq-yazmaq bilməyən uşaqlar var: “Burada ümumiyyətlə təhsil almayan uşaqlar da var. Hazırda onları təhsilə cəlb etmək mümkün deyil. Çünki, sığınacağa sığınan uşaqlar arasında heç bir sənədi olmayan uşaqlar da var”.

O, bildirib ki, belə uşaqlara sığınacağın pedoqoqu tərəfindən dərslər keçirilir ki, onlar təhsildən tam kənar qalmasınlar. Sığınacaqda məskunlaşan uşaqların əsas problemlərindən biri ərazidə təhsil müəssisəsinin olmamasıdır. Bu səbəbdən də valideynləri onları uzaqda yerləşən məktəblərə aparıb-gətirməli olurlar. Sığınacağın yolunun abad olmaması isə onların bu çətinliyini daha da artırır.

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd hazırlanır və bunun üzərində iş aparılır. Ailə  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb.  Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdirilir. Sənəd hazırdır və aidiyyatı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir.

Gülayə Mecid

İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.