Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin birgə təşkilatçılığı ilə 3 dekabr 2021-ci il tarixində Xırdalan şəhərində əhaliyə tut tinglərinin paylanması yarmarkası keçiriləcək.

"Unikal" xəbər verir ki, Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzinin qarşısında baş tutacaq aksiya zamanı vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilən tut tingləri paylanılacaq.

Qeyd edək ki, Abşeron yarımadasının mülayim və quru iqlimi üçün xarakterik olan tut ağacının Azərbaycanda bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. 

Yarmarkanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə vermək və insanlarda təbiətə səmimi münasibət formalaşdırmaqdır. 

Vətəndaşları saat 10:00-dan 14:00-dək davam edəcək tut tingləri yarmarkasında iştirak etməyə (ünvan: Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi 115), təbiətə fayda verəcək bu  aksiyadan yararlanmağa çağırırıq.