44 günlük müharibə nəticəsində Azərbaycanın 28 il işğal altında olan torpaqlarını azad etməsindən az keçməmiş yağı tapdağından azad olmuş torpaqlarmızda quruculuq işlərinə başlanılıb. Düşmənin viran qoyduğu kənd və şəhərlərimizə yeni nəfəs gəlib. Xarabalığa çevrilmiş şəhərlərin baş planları hazırlanır,minalardan təmizlənmə işləri başa çatdıqca yenidənqurma işlərinə başlanılır.Bu qəlbi 28 il Vətən həsrəti ilə döyünən, illərdir məcburi-köçkün həyatı yaşamış insanlarda tezliklə öz yurd-yuvalarına qayıtmaq ümidini gücləndirir. İşğaldan azad edilmiş torpaqlarımızın sakinləri arasında heç bir şərait qurulmamış öz yurduna geri dönənlər də var. Onlardan biri arıçı Sabir Mustafayevdir...

Sabir dayı Kəlbəcərin Ağcakənd kəndində dünyaya göz açıb. Kəlbəcərin işğal olunması ilə öz yurd-yuvasından didərgin düşən S.Mustafayev bu yay öz ata ocağına geri dönüb. Həm də öz bəslədiyi arıları ilə birgə... Ata-babası arıçı olan S. Mustafayev bu il balı da doğma Kəlbəcər yaylağında süzüb.

S. Mustafayevin sözlərinə görə, ona kəlbəcərli arıçıların Kəlbəcərə aparılacağı xəbərini deyəndə sevincdən uçmağa qanadı olmayıb: “İnanın ki, bəlkə də qanadım olsaydı uçardım sevincimdən. Mənə öz arı ailəmi də götürüb doğma torpağa qayıtmaq imkanı yaradılırdı. Kəlbəcər işğaldan azad ediləndən sonra hər gün oturub fikirləşirdim ki, bu yurd həsrəti nə vaxt bitəcək? Bu ilin yayında bir qrup arıçı daxil olmaqla məni də Kəlbəcərə apardılar. Kəndlərimiz xarabalığa çevrilmiş, qəbirlərimiz dağıdılmışdı. Bircə yerində dayanan dağlar, çəmənlər, qayalar idi. Buna görə ürəyimizin başı göynəsə də, sevinirdik ki, biz Kəlbəcərə qayıtmışıq. Həm də öz işimizlə, gücümüzlə birlikdə... Orada arı bəsləyib məhsul götürdük. Bunları yaşamaq mənim illərlə ürəyimdə daşıdığım arzum olub. Buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə sonsuz minnətdaram. Onların sayəsində biz yenidən sanki doğulduq. 28 il əvvəl məcburi, qaçaqaçla tərk etdiyin yurda qayıtmaqdan böyük bir xöşbəxtlik ola bilməz”. 

S. Mustafayev onu da deyir ki, Kəlbəcərə qayıdışı ilə sanki o yenidən doğulub: “Torpağımıza qayıtmaq bizim yenidən doğuluşumuzdur. Biz 28 il öz evimizin həsrətini çəkmişik. Kəlbəcərin hər daşı, hər qayası üçün qəribsəmişik. 28 il gözləmişik ki, torpağımıza qayıdaq. Şükür ki, bu gün bizə nəsib oldu”.

Həmsöhbətimiz bildirir ki, Kəlbəcərə qayıdanda yaşadıqları hisləri sözə çevirmək mümkün deyil. Kəlbəcərin təmiz havasını ciyərlərinə çəkən sakin, orda olduğu dövrdə kövrəldiyini də gizlətmir. Biz arılar məhsul verənədək orda olduq. Adam hərdən kövrəlirdi ki, bu boyda kəndlər, şəhərlər boş qalıb. Amma inanıram ki, Kəlbəcərdə yenidən həyat qaynayacaq. Bütün kəlbəcərlilər yurdlarına geri dönəcəkləri günü gözləyirlər.O gün lap yaxındadır”.

Onu da qeyd edək ki, artıq işğaldan azad olunmuş torpaqlara qayıdış üçün kənd və şəhərlərin yenidən qurulması işlərinə başlanılıb. 

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli  şəhərinin bərpasının təməl daşını qoyublar. Həmçinin prezident oktyabrın 10-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Səfər zamanı Hadrut qəsəbəsində yeni məscidin təməli qoyulub. Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub. İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub. Oktyabrın 4-də isə prezidentin iştirakı ilə Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib. Oktyabrın 4-də eyni zamanda Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib. Həmin gün Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub. İlham Əliyev Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib. Oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. Füzuli Beynəlxalq Hava Limanında son tamamlanma işləri aparılır.  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Qarabağ” hotelinin açılışı olub. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri aparılır.  Bir müddət əvvəl  Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli atılıb.

Görülən bütün bu işlər illərdir məcbur köçkün həyatı yaşayan insanlarda doğma torpaqlara tezliklə geri dönməyə böyük ümid yaradır. İşğaldan azad olunmuş torpaqlarda tikinti-quruculuq  işlərinin sürətlə aparılması  düşmənin xarabalığa çevirdiyi kənd və şəhərlərə böyük qayıdışın uzaqda olmadığından xəbər verir. Hər inşa olunan bina, hər təməli atılan məktəb binası yaxın gələcəkdə doğma yurd yerlərimizdə 28 ildən sonra həyatın öz axarına qayıdacağına ümidi artırır. İllərdir çətin şəraitdə yaşayan  insanlar 28 il əvvəl çıxdıqları  evlərinin çırağını yandıracaqları günü səbirsizliklə gözləyirlər. Düşmən minaladığı ərazilərin xəritəsini verməkdən imtina etməsi ilə Qarabağda quruculuq işlərini yubatdığını düşünsə də, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda gördüyü işlər minalanmış ərazilərin də cənnətə çevriləcəyi günün yaxında olduğunu göstərir.

Gülayə Mecid

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.