27 oktyabr 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutu (İSİ), Azərbaycan Texniki Universiteti, Polşanın Sileziya Texnoloji Universiteti və Gürcüstanın Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Şərq-Qərb nəqliyyat dəhlizində logistika, idarəetmə və əməliyyat problemləri“ adlı Beynəlxalq Konfransın açılış mərasimi keçirilmişdir. Hibrid formatda keçirilən beynəlxalq konfransda Azərbaycanın və bir sıra xarici ölkələrin, o cümlədən Polşa, Almaniya, Rusiya, ABŞ, Ukrayna, Rumıniya, Litva, Gürcüstan, Bolqarıstan, Belarus, Qazaxıstan və s. ölkələrin alim və mütəxəssisləri iştirak etmişdir. 

Unikal.org xəbər verir ki, konfransı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov tədbir iştirakçılarını salamlayaraq konfransın gündəliyi haqqında məlumat verdi. Konfransın əməli əhəmiyyətinə toxunan Ə.Abbasov qeyd etdi ki, Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Bu dəhliz üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. Məhz Azərbaycan Respublikasında nəqliyyat dəhlizinin mərkəzi ölkələrdən biri kimi böyük addımlar atılmış, dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilmişdir.  Akademik “Bir kəmər, bir yol” təşəbbüsünün irəli sürülməsi ilə və Şərq-Qərb Nəqliyyat Dəhlizi təşkilati, iqtisadi, coğrafi istiqamətlərdə inkişaf etdirildiyini və eyni zamanda, yeni bir dəhlizin – rəqəmsal kommunikasiya əlaqələrinin yarandığını qeyd etdi.

Əli Abbasov bildirdi ki, nəqliyyat dəhlizləri çoxaldıqca müəyyyən problemlər ortaya çıxır ki, onlara elmi cəhətdən yanaşaraq həll yolları axtarmaq tələb olunur. O, qeyd etdi ki, elmi problemlərə həsr olunan konfransın əsas məqsədi nəqliyyat dəhlizləri üzərində olan logistika, istismar, idarəetmə istiqamətlərində ortaya çıxan problemlərin həlli yollarının tapılmasıdır. 

Ə.Abbasov bildirdi ki, ötən il 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqların azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibənin nəticələrinin araşdırılması zamanı bölgədə yeni bir dəhlizin - Zəngəzur dəhlizinin yaradılmasını xüsusilə qeyd etdi və qonşu ölkələri bu dəhlizin  inkişafında iştirak etməyə çağırdı.

Sonra çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tədbirin təşkilatçılarına konfransın yüksək səviyyədə təşkili üçün təşəkkürünü ifadə edərək qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu əlverişli mövqedən yararlanaraq tranzit potensialının inkişaf etdirilməsi bölgənin nəqliyyat siyasətinin əsas prioritetlərindəndir.

R.Hümmətov nəqliyyat infrastrukturundan bəhs edərkən Azərbaycan tərəfindən həyata keçirilmiş layihələrdən söz açdı. O, yaxın illərdə layihələr üzrə nəzərdə tutulan hədəflərə nail olunacağına əminliyini ifadə edərək həmçinin Şərq-Qərb dəhlizinin potensialından istifadə ilə bağlı statistik göstəricilər, digər ölkələrlə əməkdaşlıq, qeyri-fiziki maneələr, mövcud tariflər, rəqabət kimi problemlərdən danışdı, konfransın bu problemlərin həllinə töhvələr verəcəyinə inandığını qeyd etdi. 

R.Hümmətov qeyd etdi ki, sadalanan problemlərin həlli üçün Azərbaycan Respublikası dəhliz üzrə tərəfdaşlarına birgə logistik şirkətin yaradılmasını təklif etmişdir. Mövcud çatışmazlıqların aradan qaldırılmasına müsbət təsir göstərəcək nüansları qeyd edərək bildirdi ki, bu şirkətin yaranacağı təqdirdə əməliyyatların idarə olunması həyata keçiriləcək və müvafiq problemlər həll olunacaq.

Sonda R.Hümmətov bildirdi ki, Qarabağ münaqişəsinin həll olunması ilə Azərbaycanda bu ərazilərdə yenidən qurma işləri aparılır, nəqliyyat və iqtisadiyyatın bərpası regionda inkişafa təkan verir, Şərq-Qərb dəhlizinin genişlənməsinə yol açır.

Sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək Akademiya rəhbərliyi adından iştirakçıları salamlayaraq konfransa öz işində uğurlar arzu etdi. O, qeyd etdi ki, müasir dövrdə dünyada gedən proseslər, ölkəmizdə yaranan yeni reallıqlar nəqliyyat probleminə akademik səviyyədə yanaşmağı tələb edir. Bildirdi ki, AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə bu problemlərə alimlərin cəlb olunması, müxtəlif institutların, o cümlədən İSİ-nin fəaliyyəti, ali təhsil müəssisələri ilə əməkdaşlıqlar təqdirəlayiqdir. 

Akademik, həmçinin müasir tələblərə uyğun nəqliyyat infrastrukturunun yaranmasından, ölkədə bu istiqamətdə görülən işlərdən, Qarabağda aparılan yenidənqurma layihələrindən söz açdı, bu baxımdan keçirilən konfransın önəminə toxundu. 

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentinin Təbii Resurslar, Enerji və Ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək konfransın Azərbaycanda Şərq-Qərb dəhlizinin gələcək inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. Millət vəkili S.Qurbanov Şərq-Qərb nəqliyyat dəhlizinin əsas əhəmiyyətli üstünlükləri və ekoloji aspektlərinə toxundu. O, qeyd etdi ki, 4-cü Sənaye İnqilabının imkanlarını  nəzərə almaqla, rəqəmsal texnologiya və rəqəmsal  iqtisadiyyatın tətbiqi ümumilikdə dünya ekologiyasına bir töhfə kimi bu problemlərin həllində geniş istifadə oluna bilər.

Çıxışının sonunda S.Qurbanov işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin əhəmiyyətinə toxunaraq gələcək inkişaf imkanları barədə söz açdı. Millət vəkili Şərq-Qərb dəhlizinin daha da genişlənməsini və gələcək inkişafının qlobal iqlim problemlərinin həllinə müsbət təsir göstərəcəyini xüsusilə qeyd etdi.

Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış edərək konfrans iştirakçılarının toxunduğu məsələlərə bir daha diqqət yetirdi. 26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılmasından bəhs edərək Qarabağ zəfərindən sonra bölgədə nəqliyyat-logistika istiqamətində yaranan yeni mühitin əhəmiyyətinə toxundu. 

V.Vəliyev, həmçinin Azərbaycan Texniki Universitetində bu istiqamətdə görülən işlər, Nəqliyyat-Logistika fakültəsinin fəaliyyəti, elmi tədqiqat proqramları və müxtəlif dövlət qurumları ilə əməkdaşlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Daha sonra Silesia Texnologiya Universitetinin professoru Aleksandr Sladkovski çıxış etdi. Bildirdi ki, məruzəçilərin önə çəkdiyi elmi problemlər təkcə Azərbaycanı deyil, bütün dünya ölkələrini narahat edən məsələlərdir. Xüsusən də, hazırda dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar yaranan mürəkkəb şəraitin dünya iqtisadiyyatına mənfi təsir göstərdiyini qeyd edərək son iki ildə əsasən də nəqliyyat sektorunda, məhsulların daşınmasında, çatdırılmasında ciddi problemlər yaşandığını qeyd etdi. 

Sonra ABŞ Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun professoru Abzetdin Adamov konfransa onlayn şəkildə qoşularaq çıxış etdi. Qeyd etdi ki, aerokosmik avadanlıqların hazırlanması fəaliyyət göstərdiyi institutun əsas istiqamətlərindən hesab olunur. Təmsil etdiyi qurumda texnologiya sahəsində görülən işlər, post-pandemiya dövründə qarşıda duran vəzifələr, əməkdaşlıqlar barədə ətraflı məlumat verdi. Müasir dövrdə, xüsusən də pandemiya dövründə texnologiyanın əhəmiyyətinə toxunaraq onun ən əsas ünsiyyət vasitələrindən olduğunu qeyd etdi.