“Nəhayət ki, uzun prosesdən, 5 dəfə uzadılaraq keçirilən hazırlıq iclaslarından sonra Yasamal Rayon Məhkəməsi Muradova Ülviyyə (Alovlu) Niyaz qızına qarşı Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilməsi tələbi ilə verdiyim xüsusi ittiham qaydasında şikayəti icraata götürərək baxışa verdi. Hazırda Ülviyyə Alovlu bu iş üzrə təqsirləndirilən şəxs statusundadır”.
Bu sözləri Unikal.org-a açıqlamasında ictimai fəal Bəxtiyar Hacıyev deyib.  B. Hacıyev bildirib ki, Yasamal Rayon Polis İdarəsində də şikayəti əsasında Ü.Alovlunun son məhkəmə iclasında zalda şüşə stəkan, məhkəmənin telefon dəstəyini və digər əşyaları atması faktları ilə bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb: “Yasamal Rayon Məhkəməsi əvvəlcə təhlükəsizlik kameralarının görüntülərinin yadda saxlanmadığını iddia edərək gizlətməyə çalışsa da, sonradan görüntüləri polisə təqdim edib və cinayət işinə əlavə edilib. Gec də olsa, çətin də olsa, Cinayət Məcəlləsində cinayət olduğu açıq şəkildə yazılmış hərəkətləri, təhqir və böhtanları ilə bizim vaxtımızı, enerjimizi alan, əsəblərimizi korlayan, bizi ciddi işlərlə məşğul olmaqdan yayındırmağa çalışan hamı barədə hüquqi addımların atılmasına nail olmalıyıq”.